Forum haqqında

Illustration

Peşəyönümü bütün yaş kateqoriyasına aid olan şəxslərin peşə seçiminə hazırlanması, təhsil, təlim, habelə karyeralarını idarə etməkdə (karyera planlaması) yardım edilməsi, onlarda peşəyə meyl və maraqların formalaşdırılması, əmək bazarının tələbləri nəzərə alınmaqla münasib peşəyə yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən tədbirlər kompleksidir.

Dövlət Məşğulluq Agentliyi tərəfindən hədəf qruplarına peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi zamanı müasir çağırışlardan istifadə etmək, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi aktuallaşmışdır. Bu məqsədlə müxtəlif istiqamətərdə yerli və beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Karyera İnkişaf Forumu dəyişən əmək bazarı barədə məlumatlılığı artırmaq, gələcəyin vəd etdiyi peşə və bacarıqlarla tanış olmaq və əmək bazarının müvafiq tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün hadisələri qabaqlamaq məqsədilə təşkil edilir.

Forumda həm yerli, həm beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulub. Aktiv iştirakçılığa təşviq etmək, produktivliyin artırılması məqsədilə forum zamanı təqdimat çıxışları ilə birgə, vorkşoplar, müzakirələr, qrup işlərinin keçirilməsi də nəzərdə tutulmuşdur. Forum zamanı spikerlərlə iştirakçılar birgə əməkdaşlıq edərək, yerli vəziyyəti analiz edib, dünya təcrübəsindəki uğurlu rol modelləri nəzərdən keçirib, sonda gələcəyə yönəlik təklif, ideya və həllər toplusu formalaşdıracaq. Bu təkliflər konfransdan sonra növbəti addımlarda müvafiq dövlət qurumları, özəl müəssisələrlə bölüşüləcək.

Forum 8 dekabr tarixində Bakı şəhərində keçiriləcəkdir.İştirakçılıq 2 səviyyədə təşkil ediləcək: Peşəkarlar üçün Tələbələr üçün

Forumun məqsədi:

Peşəyönümü məsləhət xidmətinə niyə investisiya qoyulmalıdır?

Ölkədə peşəyönümü məsləhət xidmətinin mərkəzləşdirilməsinin vacibliyinin çatdırılması.

Əmək bazarının hazırki durumu və postpandemiya perspektivləri ilə bağlı məlumatlılığı artırmaq.

Dövlət, biznes və qeyri-hökumət sektorlarının nümayəndələri üçün ortaq müzakirə zəmini yaratmaq və onlar arasında koordinasiya və əməkdaşlığın qurulmasına dəstək.

Gələcəyin proqnoz olunan peşə və ixtisasları barədə məlumatlandırmaq.

Gələcəyin ən vacib bacarıqları və onlara yiyələnmək yollarını hədəf kütləsinə çatdırmaq.

Peşəyönümü məsləhət xidmətinin önəminin geniş auditoriyaya çatdırılması.

Pandemiya şəraitinin yaratdığı fürsət və imkanların analizini auditoriyaya çatdırmaq.

Forumun nəticələri

Dövlət – Özəl – Qeyri-hökumət sektorları nümayəndələri üçün ortaq müzakirə məkanı yaranacaq.

Dəyişən əmək bazarı barədə məlumatlılıq artacaq, konfrans müddətində paylaşılacaq təcrübələr, istiqamətlər və yeni yollar sayəsində bazarda daha hazırlıqlı mütəxəssislər yetişəcək.

Aktiv iştirakçılığa təşviq nəticəsində cəmiyyətin müxtəlif statuslu şəxslərinin mövcud vəziyyətin yaxşılaşdırılması ilə bağlı fikirləri, təklifləri və həlləri dinləniləcək və müvafiq dövlət qurumlarına təqdim ediləcək.

Cəmiyyətin qərar qəbulu prosesində iştirakını birbaşa təmin etmək fürsəti veriləcək.

Gələcəyin önəmli ixtisas və peşələri barədə məlumatlılıq artacaq.

Ölkə və dünyada olan uğurlu təcrübələr paylaşılacaq.